X
    Категории: Статьи

Görkəmli alim, qayğıkeş rəhbər, müdrik insan

Görkəmli alim, texnika elmləri doktoru, professor, Beynəlxalq Ekoenergetika Akademiyasının və Rusiya Elektrotexnika Akademiyasının həqiqi üzvü, Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunun “Elektroenergetikanın qərarlaş­mış rejimləri” elmi istiqamətinin rəhbəri, baş elmi işçi Əşrəf Balamət oğlu Balamətovun anadan olma­sının 70 illiyi tamam olmuşdur.
Mənim Əşrəf müəllimlə tanışlığım 1990-cı ildən başlamışdır. O vaxta qədər Əşrəf müəllimi qiyabi tanıyırdım. Məsələ burasındadır ki, mən Bakıda orta məktəbdə oxuyarkən Əşrəf müəllimin ömür-gün yoldaşı Gülnarə xanım rus dili müəlliməsi kimi mənə dərs demişdir. Qeyd edim ki, Gülnarə xanımı qayğıkeşliyinə görə nəinki uşaqlar çox istəyir, həm də valideynlər ona hörmət və ehtiram bəsləyirdi və bu hal indi də davam edir. 1984-cü ildə Azərbaycan Dövlət Universitetini bitirdikdə sonra mən 1990-cı ilə qədər Elmlər Akademiyasında mühəndis, sektor müdiri vəzifələrində işləmiş, işdən sonra isə evdə repetitor fəaliyyəti ilə məşğul olmuşam. 1990-cı ildə mən Əşrəf müəllimlə təsadüfən tanış olduqda anam ondan xahiş etmişdi ki, mənim fikrimi elmə yönəltsin. Həmin ildən indiyə qədər mən Əşrəf müəllimin rəhbərliyi altında Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunda işləyirəm. O, namizədlik dissertasiyamın elmi rəhbəri, sonra isə doktorluq dissertasiyamın elmi məsləhətçisi olmuşdur. Hazırda da çalışdığımız elmi istiqamətin rəhbəridir.
Qeyd edim ki, mən Energetika İnstitutunda Əşrəf müəllimlə işlədiyim 27 il ərzində qazandığım yalnız elmi məktəb deyildir. Belə hesab edirəm ki, bundan daha önəmlisi onunla işlədiyim dövrdə keçdiyim həyat məktəbidir. Bircə şeyi dəqiq bilirəm ki, mən belə bir məktəbi başqa bir yerdə və ayrı bir alimlə işləyərək keçə bilməzdim. Bir çox başqalarından fərqli olaraq onun unikal xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, kollektivdə hamıya birinci növbədə professionallığına görə, sonra isə digər xüsusiyyətlərinə görə qiymət verir.
Əşrəf müəllimin elmi nailiyyətləri haqqında ötən ay “Nedelya”, “Samur”, “Qusar” qəzetlərində və Ru­siya Elmlər Akademiyasının “Электричество” jur­nalında ətraflı yazılmışdır və mən bu haqda təkrara yol vermək istəmirəm.
Əşrəf müəllim tanıdığım alimlərin arasında nadir şəxslərdən biridir ki, nəzəriyyə ilə yanaşı praktikanı da dərindən bilir. Bunun səbəbi onun tələbəlik illərində ixtisası üzrə müxtəlif kurslarda çalışması, transformator zavodunda işləməsi olmuşdur. Burada onun atası Balamət kişinin Ukur SES-in direktoru olması da müəyyən rol oynamışdır.
1995-1997-ci illərdə institutumuzun hesablama mərkəzi onun rəhbərlik etdiyi şöbəyə verilmiş və idarə olunmuşdur. Mən Əşrəf müəllimin rəhbərliyi ilə müasir rəqəmsal cihazların və kompüter avadanlığından istifadə etməklə Azərbaycan İstilik stansiyasında, Əli-Bayramlı DRES-də 500 kV gərginlikli Abşeron yarımstansiyasında, Sənaye qovşağı yarımstansiyasında, Poladəritmə zavodunda aparılmış bir sıra eksperimentlərdə iştirak etmişəm. Qeyd edim ki, bu təcrübələrə Əşrəf müəllim bizimlə bir yerdə əvvəlcədən laboratoriya modeli üzərində çox ciddi hazirlaşırdı. Adətən istehsalatda işləyən, burada saç ağartmış mühəndis-texniki işçilər alimlərin gəldiyini eşidəndə elə bilirdilər ki, onlar yalnız elmi işləri görməyi bacarırlar. Lakin təcrübələri apardığımız yerlərdə Əşrəf müəllim yerli mütəxəssislərlə 10-15 dəqiqə söhbət edərək onlara məqsədimizi başa saldıqdan sonra, gətirdiyimiz rəqəmsal cihazların hara və necə qoşulmasını başa saldıqdan sonra onların fikri tamamilə dəyişərdi və onlar artıq özlərinin üzləşdikləri bəzi problemləri necə həll etməyi ondan soruşardılar.
Bununla əlaqədar bir haşiyə çıxmaq istəyirəm. Məlumdur ki, Əşrəf müəllim 1991-ci ildən kiçik su elektrik stansiyaların bərpası və istismarı məsələləri ilə məşğul olmuşdur. Sonralar o, Qusar rayonunun ərazisində yerləşən gücü 10 MVt olan Zeyxur su-elektrik stansiyasının bərpası, işə buraxılması və istismarına rəhbərlik etmişdir. O vaxtlar mənim əmim Qambay kişi Qusar SES-də işləyirdi. O mənim Əşrəf müəllimlə işlədiyimi biləndə bir dəfə dedi ki, Əşrəf müəllim SES üzrə çox yaxşı mütəxəssisdir. Mən ondan bunu haradan bildiyini soruşduqda o dedi ki, Zeyxur SES-dən Bakıya qayıdanda bir dəfə Əşrəf müəllim yolüstü Qusar SES-ə gəlmişdi və həmin gün SES işləmirdi. Əşrəf müəllim məndən bunun səbəbini soruşduqda mən dedim ki, biz səbəbini bilmədiyimiz üçün yuxarı təşkilata müraciət etmişik, onların göndərdiyi mütəxəssislər gəlmiş və nasazlığı düzəldə bilməyərək qayıtmışlar. Əşrəf müəllim mənə bir neçə sual verdikdən sonra bəzi cihaz və alətləri götürərək aşağı düşdü və 15-20 dəqiqədən sonra yuxarı qalxaraq problemin həll olunduğunu bildirdi.
Zeyxur SES-in bərpası dövründə Əşrəf müəllim bu işə həddən arıq enerji, qeyri-iş vaxtını, maliyyə vəsaitini sərf etmiş və özünün rayonda və enerji sistemdə nüfuzundan istifadə etmişdir. Həmin dövrdə Zeyxur və digər kəndlərdən olan xeyli adam burada işlə təmin olunmuş, maaş almışlar. Yalnız Əşrəf müəllim, rəhmətlik Hacı müəlim öz maaşlarını yenidən SES-ə xərcləyirdilər. Bundan əlavə onlar kənd camaatının radio, televiziya və digər məişət cihazlarını təmənnasız olaraq düzəldirdilər. Bir dəfə Əşrəf müəlimin oğlu Emildən (həftənin son günləri o və qardaşı Elçin də da SES-də olurdular) soruşdum ki, SES-ə necə gedib gəldiniz. Zarafatla dedi: “Necə olacaq, SES-ə gedəndə orada işləyənlər üçün 1-ci növ un aldıq, Bakıya qayıdanda özümüzə 2-ci növ un aldıq”. Mən Zeyxur kəndinə tez-tez gedirəm. Kəndin camaatı indiyə qədər həmin dövrü və Əşrəf müəllimi, rəhmətlik Hacı müəlimi, Rəsul müəllimi və Energetika İnstitunun başqa əməkdaşlarını çox böyük minnətdarlıqla xatırlayırlar.
Qeyd etmək istəyirəm ki, Əşrəf müəllimin tələbə­ləri indi müxtəlif şirkətlərdə və rəhbər vəzifələrdə işləyirlər. Onlar indi də iş prosesində elektroenergetika üzrə üzləşdikləri problemlərlə bağlı tez-tez ona müraciət edirlər və o, hamıya həmin məsələlərin həllində kömək edir.
Əşrəf müəllim həddən artıq qayğıkeş, alicənab insandır. Keçən əsrin 90-cı illərin maaşların az, gecikmələrlə verildiyi vaxtlar idi. İnstitutun işçiləri­nin əksəriyyəti maddi vəziyyətini düzəltmək üçün iş vaxtı digər yerlərdə də müvəqqəti olaraq pul qazan­mağa çalışırdılar. Qəfildən institutda attestasiya başladı. Təbii ki, attestasiya komissiyasının üzvlərinə belə işçilərin səhlənkarlığını, əmək intizamının niyə aşağı olmasını izah etmək çətin idi. O vaxt Əşrəf müəllim bir çox işçilərin işdən azad olunmasının əksinə olmuş və komissiya üzvlərini bu vəziyyətin müvəqqəti xarakter daşıdığını, obyektiv səbəblərlə əlaqədar olduğunu, bu yüksək ixtisaslı kadrların gələcəkdə instituta lazım olacağına inandıra bilmişdi. Həmin vaxt komissiya üzvlərinin bəziləri deyirdilər ki, Əşrəf müəllim onların işçiləri ixtisar etməklə bağlı planlarını pozdu. Həmin əməkdaşlar indiyə qədər Əşrəf müəllimin bu yaxşılığını dönə-dönə xatırlayırlar.
Həmin siyahıya düşən işçilər arasında bizim laboratoriyanın da bəzi işçiləri də var idi. Həmin dövrdə onlardan birinin (həmin dövrdə laboratori­yamızın bəzi qadın əməkdaşları uzun müddət maaşın az olduğunu bəhanə gətirərək öz vəzifələrini yerinə yetirmirdi. Buna baxmayaraq Əşrəf müəllim hədsiz dərəcədə səbr göstərərək və onların peşəkarlığını nəzərə alaraq, vəziyyətin düzələcəyinə inamla bu vəziyyətə dözürdü) xəstə­xanada olduğunu eşidəndə Əşrəf müəllim məni çağıraraq özünün çox vacib bir problemini həll etmək üçün saxladığı pulu mənə verərək xəstəyə baş çəkməyi və pulu ona çatdırmağı tapşırdı. Həmin işçimiz bunu gözləmirdi, bir anlığa özünü itirdi. Mən ona tez sağalmağı arzu edərək sağollaşıb instituta qayıtdım. Bir qədər sonra xəstə Əşrəf müəllimə zəng edərək təşəkkürünü bildirmiş, söhbət əsnasında məlum olmuşdu ki, gərginliyin səviyyəsinin aşağı olması ilə əlaqədar onun paltaryuyan maşını yaxşı işləmir. O dövrdə transformatorlar xaricdən gətiril­diyindən həm baha, həm də keyfiyyətsiz və etibarsız idi. Əşrəf müəllim bir qədər fikirləşdikdən sonra laboratoriyamızda olan müxtəlif ləvazimat­lardan istifadə edərək transformator yığdıq və həmin gün ona çatdırdıq.
Əşrəf müəllim hər səhər işçiləri yanına çağıranda birinci növbədə onların problemləri ilə maraqlanır. Bir gün qadın işçilərimizdən biri işə gəldikdə şox dilxor idi. Evini təmir etdikdən bir neçə ay sonra qəfildən işıqları sönmüş, dəvət edilən montyorlar isə nasazlığın yerini və səbəbini təyin edə bilməyərək getmişdilər. Əşrəf müəllim həmin qadın əməkdaşı­mıza dedi ki, professorun rəhbərliyi altında təmir qrupu gəlib işıqlarını düzəldər. İşçimiz bunun zara­fatla deyildiyini zənn edərək kefi daha da pozuldu. Günorta fasilə vaxtı Əşrəf müəllimlə birlikdə zəruri avadanlığı götürərək onların evinə getdik və 1 saata yaxın müddətə təmiri qurtardıq. Qonşular təmir qrupunun rəhbərinin qadının rəhbəri və professor olduğunu biləndə mat qalmışdılar.
Əşrəf müəllim qayğıkeşliyi, alicənablığı haqqında çox yazmaq olar. Şair Kələntər Kələntərlinin ömrünün son və xəstə olduğu illərində ona tez-tez baş çəkərdi. Hər həftə zəruri tələbat malları, ərzaq, müxtəlif dərmanlar alaraq oğlu Emili onun yanına göndərərdi. Kələntər müəllim rəhmətə gedəndə qarlı-çovğunlu bir gün idi. Onun dəfn mərasiminə Qusara çoxlu televiziya və radio işçiləri, şarin qələm dostları gəlmişdilər. Həmin gün dəfn mərasiminin və gələn qonaqların bütün problemlərini Əşrəf müəllimlə Etibar (Sturvi) müəllim həll etmişdi.
Daha bir əhvalat yadıma düşdü. Bir dəfə Bakının ən iri zavodlarından birində Əşrəf müəllimlə birgə bir neçə gün ərzində Energetika Nazirliyinin sifarişi ilə fasiləsiz olaraq eksperimentlər apardıq. Eksperi­mentlərin nəticələri maraqlı tərəflərin hamısını razı saldı. Bizim əməyimizin ödənilməsi məsələsinə gəldikdə çox düşündük və Əşrəf müəllimin təklifi ilə belə qərara gəldik ki, bu proses uzun çəkəcək və pulun alınmasına təminat da yoxdur. Dedi ki, bəlkə bir savab iş görək, heç olmasa kimi isə zavoda işə düzəldək. Beləliklə, əmək haqqının əvəzinə Əşrəf müəllimdən hörmətli bir dostunun çoxdan bəri xahiş etdiyi bir nəfər şəkili oğlanın işə düzəldilməsini zavod rəhbərliyindən xahiş etdi.
Təvazökar, səmimi, alicənab bir insan, dostlarına münasibətində sadiq, özünə və rəhbərlik etdiyi əməkdaşlarına, tələbələrinə qarşı prinsipiallığı ilə seçilən bir alimi — Əşrəf müəllimi 70 iiliyi münasi­bətilə təbrik edir, ona elmi fəaliyyətində və peşəkar kadrların hazırlanması işində can sağlığı, uzun ömür və müvəffəqiyyətlər arzulayıram.

Еlman Xəlilov,
Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunun şöbə rəisi, texnika elmləri namizədi, dosent