Türkiyədə ləzgilər

Türkiyədə ləzgilər

Ləzgilər ulu Qafqazın köklü xalqlardan biri olaraq Cənubi Dağıstan və Şimali Azərbaycanda eləcə də dünyanın bir sıra ölkələrində yaşayırlar. Bu ölkələrdən biri də Türkiyədir. Dünyadakı ləzgilərə “Türkiyədə də ləzgilər yaşayır” deyəndə bir çox suallarla qarşılaşıram. Bu sualın cavabını aydınlaşdırmaq üçün bu yazını yazmaq qərarına gəldim.

Ləzgilərin bu ölkəyə ilk gəlişi 1877-1878-ci illərə təsadüf edir. Onların doğma torpaqlarından ayrılaraq ta uzaq Türkiyəyə kimi gəlmələrinin səbəbi  həmin dövrdə hökumət qüvvələri tərəfindən Şeyx Şamil hərəkatı tərəfdarları və iştirakçılarının izlənməsi olmuşdur. Dağıstanın müxtəlif yerlərindən Türkiyəyə köçmüş ləzgilər əsasən 3 kənddə məskunlaşmışdılar. Bunlardan ikisi Balıkəsirdə, biri isə İzmirdə yerləşir.

Hal-hazırda bu kəndlərdən ən böyüyü Balıkəsir vilayətində yerləşən Kirnə (Ortaca) kəndidir. Digər kəndlərdə güclü assimilyasiya getdiyi halda bu kəndin əhalisi doğma adət-ənənələrini qismən də olsa saxlamışdır. Bu kənd vilayətin inzibati mərkəzindən 13 km uzaqlıqda yerləşir. Kirnə hal-hazırda 70 evi və 400-ə yaxın əhalisi olan kiçik bir kənddir. Uzun illər boyu kənd Bursa, Balıkəsir, İzmir, İstanbul kimi ətraf vilayətlərə və Almaniyaya gedən ailələrlə çoxlu köç vermişdir. Kəndin yaranışı ləzgilərin bu torpaqlara köç etməsi tarixinə təsadüf edir. Amma kəndin neçənci ildə salınası haqqında dəqiq yazılı məlumat yoxdur. Əvvəllər “Aslanar bulağı” adlandırılan iki aslan figuru olan bulaq mövcud olsa da, indi dağıdılmışdır. Yalnız “Mered bulax” adlı bulaq indiyə qədər qalıb.

Kirnə kəndinin adı 1961-ci ildə Ortaca olaraq dəyişdirildi.

Adın dəyişdirilmə səbəbi onun ətrafindakı kəndlərin mərkəzində yerləşməsi kimi qələmə alınmışdır. Əvvəllər bu kəndin əhalisi ətrafdakı türk kəndlərin  tərəfindən soyuq qarşılanmışdır. Onlar kənd əhalisinə “yabancı köylülər gəldi” deyə yaxınlıq göstərməmişdilər. Səbəbi əhalinin Rusyadan gəlməsi və yerli əhaliyə tanış olmayan dildə danışması olmuşdur. Ləzgilərin müsəlman olduğunu görən türklər və bu əhalinin Şeyx Şamil nəvələri olduqlarını öyrəndikdən sonra əlaqələr möhkəmlənməyə başlanmışdır. Əvvəllər kənd əhalisi öz adət-ənənələrini tam olaraq yerinə yetirdikləri halda zaman axımında bəziləri yaddan çıxmışdır. Bunlardan biri də xalçaçılıq sənətidir. Demək olar ki hal-hazırda heç kim xalçaçılıqla məşğul olmur. Kənd əhalisi bir hissəsi əkinçilik və heyvandarlıqla, bir hissəsi ticarət və inşaatla məşğuldur. Kirnəlilər XX əsrin 70-ci illərinə qədər toylarda akkardionla Qafqaz mahnıları ifa edib öz rəqs havalarında oynasalar da, indi bu ənənələr aradan çıxmışdır. Kənd əhalisinin böyük əksəriyyəti doğma ana dilini qoruyub saxlamışdır və indi də aralarında ləzgicə sərbəst danışib ünsiyyət qura bilirlər. Bunlardan savayı qoruyub saxlaya bildikləri sərvətlərdən biri də ləzgi mətbəxinin bir çox milli yemək növləridir.

Balıkəsir vilayətinə bağlı ikinci ləzgi kəndi Yayla (Dümbərəz) adlanır. Yaylalılar Türkiyəyə ilk gələn ləzgilərdən hesab olunurlar. Belə ki, onların bu ölkəyə gəlişi  1867-1870-ci illərə təsadüf edir. İlk  zamanlar əhali relyefi  Dağıstan təpəliklərinə bənzəyən Kəltəpə adlı yerdə məskunlaşmışdılar. Laklin buranın iqliminin sərt olması əhalini kəndin yerini 20 il ərzində 4 dəfə dəyişmək məcburiyyətində qoymuşdur. Kənddən digər vilayətlərə köç edənlərin sayının çox olmasının nəticəsi olaraq hal-hazırda Yaylada 30 ev qalmışdır.

İzmir vilayətində yerləşən Dağıstan kəndi 1877-ci ildə doğma yurdlarından  köç etmiş ləzgilər tərəfindən salınmışdır. İlk dövrlərdə kənd 202 sakindən və 42 evdən ibarat idi. İlk vaxtlar bu kəndin adı  ‘Mecidiye Köyü’  adlandırılmışdı. Daha sonra kəndin rəsmi adı “Dağıstan” olmuşdur. Dağıstan indi 100 ev və 300 nəfərə yaxın əhalisi olan  bir kənddir. Burada da vəziyyət digərlərində olduğu kimidir. Gənc nəsil doğma dili və adət-ənənələri haqqında demək olar ki, çox cüzi dərəcədə məlumata malikdir.

 Türkiyədə yerləşən ləzgi kəndləri haqqında məlumatları toplamaqda köməklik göstərən Kirnə kənd sakini Rəcəb Güvənə təşəkkürümü bildirirəm.

Sərxan YarƏhmƏdov

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *